Səhər yeməyi günün ən vacib qidalanma mərhələsi hesab olunur və onun düzgün qurulması həm enerji səviyyəsinə, həm də ümumi sağlamlığa birbaşa təsir edir. Mütəxəssislər bildirir ki, səhər yeməyindən imtina etmək metabolizmin zəifləməsinə və gün ərzində həddindən artıq qida qəbuluna səbəb ola bilər.

Foodinfo.az xarici mətbuata istinadla xəbər verir ki, dietoloq Maria Koroleva səhər yeməyində balanslı qida seçiminin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, ideal səhər yeməyində zülal, kompleks karbohidratlar və faydalı yağlar mütləq olmalıdır. Bu balans qan şəkərinin sabit qalmasına və uzunmüddətli toxluq hissinin yaranmasına kömək edir.

Mütəxəssis qeyd edib ki, yumurta, yulaf sıyığı, kəsmik və qoz-fındıq kimi məhsullar səhər üçün ən yaxşı seçimlərdir. Bu qidalar həm enerji verir, həm də beyin fəaliyyətini aktivləşdirir. Eyni zamanda şəkərli və hazır qidalardan uzaq durmaq tövsiyə olunur.