Son dövrlərdə evdə hazırlanan qəhvəyə marağın artdığı müşahidə olunur. Mütəxəssislər bu tendensiyanı əsasən xərclərin optimallaşdırılması və istehlak vərdişlərinin dəyişməsi ilə əlaqələndirirlər.
Foodinfo.az xarici mediaya istinadla xəbər verir ki, istifadəçilər artıq qəhvəni kafe və qəhvəxanalardan almaqdansa, evdə hazırlayıb termos qablarla özləri ilə aparmağa üstünlük verirlər.
Ramaz Çanturiya bildirib ki, bu dəyişiklik həm qənaət məqsədi daşıyır, həm də evdə istehlakın artması ilə bağlıdır. Onun sözlərinə görə, insanlar artıq birdəfəlik stəkan əvəzinə evdə hazırladıqları qəhvəni öz qablarında daşımağa üstünlük verirlər.
Ekspert qeyd edib ki, qəhvə qiymətlərinin artması davam edərsə, bu tendensiya daha da güclənə bilər və daha çox insan evdə hazırlanan qəhvəyə keçid edəcək.
Bununla belə, qəhvə bir çox insan üçün yalnız içki deyil, həm də həyat tərzinin bir hissəsi hesab olunur. Bu səbəbdən istehlakçılar ondan tam imtina etmir, sadəcə daha sərfəli alternativlərə yönəlirlər.






