Evdə hazırlanan konserv məhsulları çoxları üçün ənənəvi və etibarlı hesab olunsa da, mütəxəssislər bu prosesdə ciddi risklərin mövcud olduğunu bildirirlər. Xüsusilə botulizm kimi ağır zəhərlənməyə səbəb olan bakteriyaların tam məhv edilməsi ev şəraitində çətin hesab olunur.

Foodinfo.az “Gazeta.ru” saytına istinadla xəbər verir ki, infeksionist Vladimir Neronov botulizm törədicisinin xarici təsirlərə qarşı son dərəcə davamlı olduğunu bildirib. Onun sözlərinə görə, bu bakteriya konserv məhsullarında, xüsusilə oksigensiz mühitdə inkişaf edərək ölümcül toksin ifraz edir və hətta çox kiçik miqdarda belə ciddi zəhərlənməyə səbəb ola bilər.

Ekspert vurğulayıb ki, təhlükəli konserv məhsullarını bəzi xarici əlamətlərə görə müəyyən etmək mümkündür. Şüşə qabın qapağının şişməsi, məhsulun bulanıqlaşması, içəridə qabarcıqların yaranması və ya kifin əmələ gəlməsi ciddi risk siqnalları hesab olunur.

Mütəxəssislər belə hallarda həmin məhsulların qətiyyən istehlak edilməməsini və dərhal utilizasiya olunmasını tövsiyə edirlər, çünki botulizm insan həyatı üçün son dərəcə təhlükəli nəticələr yarada bilər.