Saçların parlaq və sağlam görünməsi bir çox insanın arzusudur. Kimyəvi məhsullardan əlavə, ev şəraitində tətbiq olunan təbii üsullar da saçlara effektiv şəkildə parlaqlıq qazandıra bilər.

Foodinfo.az xəbər verir ki, yumurta tərkibindəki zəngin zülal sayəsində saç tellərini qidalandırır və onları daha canlı göstərir. Həftədə bir dəfə tətbiq olunan yumurta maskası saçların güclənməsinə və parlaqlığının artmasına kömək edir.

Zeytun yağı da saç baxımında ən çox tövsiyə edilən təbii vasitələrdən biridir. Saçları dərin şəkildə nəmləndirən bu yağ quruluğun qarşısını alır və saçlara təbii parıltı verir. İlıq halda saçlara tətbiq edilməsi daha yaxşı nəticə verir.

Bal və qatıq qarışımı isə saçlara həm yumşaqlıq, həm də parlaqlıq qazandırır. Bu maska saçın strukturunu yaxşılaşdıraraq daha ipəkvari görünüş yaradır.

Bundan əlavə, alma sirkəsi ilə saçın yaxalanması da geniş yayılmış üsullardandır. Su ilə durulaşdırılmış sirkə saçın səthini hamarlaşdırır və onun daha parlaq görünməsinə şərait yaradır.

Avokado kimi sağlam yağlarla zəngin qidalar isə saçları daxildən qidalandıraraq onların ümumi sağlamlığını və görünüşünü yaxşılaşdırır.

Saçların parlaq qalması üçün yalnız xarici qulluq deyil, həm də düzgün qidalanma, kifayət qədər su qəbulu və istiliklə işləyən saç alətlərindən minimum istifadə də vacib rol oynayır.