Son illərdə duzdan tam imtina edənlər artmaqdadır. Foodinfo.az bildirir ki, terapevt Marina Aleksandrova “RIA Novosti”yə müsahibəsində bu mövzuya aydınlıq gətirib.
Onun fikrincə, duzdan tam imtina orqanizmdə elektrolit balansının pozulmasına səbəb ola bilər. Aleksandrova qeyd edib ki, natrium orqanizmdə su-duz balansını tənzimləyir və əzələ funksiyalarına təsir göstərir. Həkim bildirir ki, duzun tam kəsilməsi halsızlıq, başgicəllənmə və əzələ spazmlarına yol aça bilər. Tövsiyə edilən miqdar gündəlik 5 qram civarındadır.

Lakin bəzi xəstəliklər – məsələn, hipertoniya – zamanı bu miqdar azaldılmalıdır. Araşdırmalara görə, duzsuz pəhriz qısa müddətdə arıqlama effekti yaratsa da, uzunmüddətli nəticələri birmənalı deyil. Həkim daha çox təbii yodlu duzun istifadəsini tövsiyə edir. Eyni zamanda, hazır qidalardakı “gizli duz” miqdarı da nəzərə alınmalıdır. Marina Aleksandrova vurğulayıb ki, əsas məsələ balansdır – nə çox, nə az. O, vətəndaşları pəhriz dəyişikliklərinə başlamazdan öncə həkimlə məsləhətləşməyə çağırıb.