İnsanların günün müxtəlif saatlarında fərqli emosional vəziyyət yaşaması elmi araşdırmalarla təsdiqlənib. Məlum olub ki, səhər saatları psixoloji baxımdan ən stabil və pozitiv dövr hesab olunur. Foodinfo.az University College London tədqiqatına istinadla xəbər verir ki, alimlər insanların səhərlər daha xoşbəxt hiss etdiyini müəyyən ediblər.
Araşdırmada təxminən 50 min insan iştirak edib və onların psixoloji vəziyyəti iki il ərzində izlənilib. Nəticələr göstərib ki, səhər saatlarında narahatlıq və depressiya səviyyəsi ən aşağı olur, əvəzində isə xoşbəxtlik və həyatdan məmnunluq hissi maksimum səviyyəyə çatır. Gün ərzində bu göstəricilər tədricən azalır və gecə yarısına yaxın ən aşağı həddə düşür.
Alimlər həmçinin qeyd ediblər ki, həftəsonları insanların əhval-ruhiyyəsi fərqli dəyişir. Şənbə və bazar səhərləri xoşbəxtlik səviyyəsi kəskin artır, günorta azalır, axşam bir qədər yüksəlir və gecə yenidən aşağı düşür. Həftənin ortasında isə, xüsusilə çərşənbə axşamı və çərşənbə günləri səhərlər insanlar daha gərgin və yorğun hiss edə bilər.
Bununla yanaşı, tədqiqat göstərib ki, mövsüm faktoru da psixoloji vəziyyətə ciddi təsir edir. Yay aylarında insanlar daha sakit, xoşbəxt və enerjili olur, qışda isə əksinə, depressiya və tənhalıq hissi daha çox müşahidə edilir. Araşdırmanın nəticələri BMJ Mental Health jurnalında dərc olunub.






