Oturacaq sinirinin sıxılması (tibbi dildə – işias) insanın hərəkət qabiliyyətinə ciddi təsir edən və güclü ağrılarla müşayiət olunan narahatedici vəziyyətdir. Foodinfo.az “Life.ru” saytına istinadla xəbər verir ki, bu barədə həkim-osteopat Andrey Leonenko məlumat verib.

Mütəxəssisin sözlərinə görə, işias yalnız bel və ayaq ağrısı ilə məhdudlaşmır, çox vaxt bədən hərəkətlərinin sərtləşməsi və bəzən bədən hərarətinin yüksəlməsi ilə də müşahidə olunur. Bu problemin səbəbləri müxtəlif ola bilər — bel onurğasında xroniki xəstəliklər (osteoxondroz, fəqərəarası yırtıq, skolioz), travmalar, hamiləlik və ya hərəkətsiz həyat tərzi.

Andrey Leonenko oturacaq sinirinin sıxıldığını göstərən dörd əsas əlaməti belə sadalayıb:

  1. Bel, sağrı və ya budun arxa hissəsində dartıcı ağrı. Bu ağrı hərəkət etdikdə, öskürəndə və ya oturmaqdan qalxanda daha da güclənir.

  2. Ayaqda yad hisslər. Yanğı, soyuqluq, keylik və ya “qarışqa gəzmə” kimi hisslər yaranır və bu narahatlıq bədənin vəziyyəti dəyişəndə də keçmir.

  3. Əzələ zəifliyi. Ayağın gücünü itirməsi, yeriyərkən və ya ayağa qalxarkən çətinlik çəkmə müşahidə olunur.

  4. Dərinin görünüşündə dəyişiklik. Ağrı olan sahədə dərinin rəngi qızarır və ya solğunlaşır, eyni zamanda həmin nahiyədə tərləmə artır.

Həkim xəbərdarlıq edib ki, bu simptomlar aşkarlandıqda qızdırıcı kompres və ya isti termofor istifadə etmək olmaz, çünki bu, iltihabı daha da gücləndirə bilər.

Leonenko qeyd edib ki, düzgün diaqnoz yalnız həkim-osteopat tərəfindən müayinə, anamnez və əlavə tədqiqatlar — məsələn, KT və ya MRT nəticəsində qoyula bilər.

Mütəxəssis vəziyyəti müvəqqəti yüngülləşdirmək üçün ağrıkəsici qəbul etməyi, soyuducu məlhəm çəkməyirahat vəziyyətdə — arxası üstə və ya sağlam tərəfə uzanmağı tövsiyə edib.

Əgər ağrı dözülməz hala gələrsə, dərhal təcili tibbi yardıma müraciət etmək lazımdır.