Xroniki yorğunluğun səbəblərindən biri böyrəküstü vəzilərin zəifləməsi ola bilər. Foodinfo.az bildirir ki, bu barədə aif.ru-ya danışan ginekoloq-endokrinoloq, tibb elmləri namizədi Mariya Konovalova məlumat verib.

Mütəxəssis qeyd edib ki, böyrəküstü vəzilər stressə qarşı müqavimət və immunitetin qorunmasında mühüm rol oynayır. Onların fəaliyyətinin zəifləməsi tez yorulma, qarın və bel nahiyəsində çəki artımı, şişkinlik, saç tökülməsi və mövsümi depressiya ilə özünü göstərir.

Konovalova xroniki yorğunluğun qarşısını almaq üçün səkkiz əsas qaydanı tövsiyə edib:

Qəhvəni sikoriy, fındıq və ya iynəyarpaq qəhvəsi, eləcə də fermentləşdirilmiş ivan-çay ilə əvəz edin.

Stressi yeməklə deyil, vanil, qreyfrut və berqamot kimi efir yağlarının inhalyasiyası ilə aradan qaldırın.

Süd məhsulları, taxıllar və şəkəri müvəqqəti olaraq menyudan çıxararaq orqanizmdə iltihabi yükü azaldın.

Rasiona qoji giləmeyvəsi, unabi xurması və qara tut əlavə edin.

İsti yeməklərə üstünlük verin, soyuq içkilərdən uzaq durun.

Gündəlik menyuya lif və vitaminlərlə zəngin zülallı kokteyllər daxil edin.

Yuxudan oyandıqdan sonra ən geci bir saat ərzində səhər yeməyi qəbul edin.

Gecə saat on birdən əvvəl yatın və müntəzəm istirahətə zaman ayırın.

Həkimin sözlərinə görə, bu qaydalara əməl etmək həm orqanizmin enerji balansını qoruyur, həm də uzunmüddətli yorğunluğun fəsadlarının qarşısını almağa kömək edir.