Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida məhsullarında pestisid qalıqlarına dair yeni videoçarx hazırlayıb.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, videoçarxda pestisidlər, pestisid qalıqları, onların yayılma yolları, zərərləri və belə halların qarşısının alınması barədə ətraflı məlumat verilib.

Bildirilib ki, kənd təsərrüfatı məhsullarının istehsalında səmərəliliyi artırmaq və zərərvericiləri nəzarətdə saxlamaq üçün pestisidlərin istifadəsi zamanı müvafiq norma və qaydalara əməl olunmadıqda, məhsullarda normadan artıq pestisid qalıqları ortaya çıxır. Bu qalıqlar orqanizmə daxil olduqda, kəskin toksiki təsir yaradaraq insanlarda kimyəvi zəhərlənməyə aparıb çıxarır. Ona görə də pestisidlərin tətbiqetmə dozasına və vaxtına, məhsulun növünə uyğun pestisid seçilməsinə, məhsul yığımının vaxtına, məhsulun emal və saxlanma qaydalarına əməl edilməlidir.