Sink və selen immun sisteminin möhkəmlənməsində mühüm rol oynayan əsas mikroelementlərdəndir. Bu maddələrin çatışmazlığı orqanizmin infeksiyalara qarşı müqavimətini zəiflədə, xəstəliklərin daha tez-tez təkrarlanmasına səbəb ola bilər.

Foodinfo.az xəbər verir ki, sink immun hüceyrələrinin yaranması və düzgün işləməsi üçün vacibdir. Sink çatışmazlığı zamanı tez-tez soyuqdəymə, halsızlıq, yaraların gec sağalması müşahidə oluna bilər.

Sink virus infeksiyalarının müddətini qısaltmağa da kömək edir.

Sinklə zəngin qidalara ət, yumurta, balıq, balqabaq tumu, paxlalılar, qoz-fındıq daxildir.

Selen güclü antioksidant təsiri ilə tanınır. Bu mineral immun sistemi zəiflədən sərbəst radikallara qarşı orqanizmi qoruyur və iltihabi proseslərin azalmasına kömək edir. Selen immun cavabın balanslı olmasında xüsusi əhəmiyyət daşıyır.

Selenlə zəngin qidalara isə Braziliya qozu, balıq, yumurta, tam taxıllar, günəbaxan tumu daxildir.

Sink və selenin normadan artıq qəbulu sağlamlıq üçün risk yarada bilər. Buna görə də bu mineralların əsasən qida vasitəsilə alınması, əlavə preparatların isə yalnız həkim məsləhəti ilə istifadə edilməsi tövsiyə olunur.

Sink və selenin balanslı qəbulu immun sisteminin güclənməsində mühüm amildir. Sağlam qidalanma və düzgün həyat tərzi bu mikroelementlərin faydasını artırır.