Kardioloqların son konfransında təqdim edilən məlumata görə, tərkibində yüksək miqdarda kakao olan qara şokolad ürək əzələlərini möhkəmləndirir. Kakaonun tərkibindəki polifenollar qan damarlarını genişləndirərək təzyiqi aşağı salır və qan dövranını stimullaşdırır. Foodinfo.az "The New York Times" qəzetinə istinadla xəbər verir ki, gündəlik 20-30 qram qara şokolad istehlakı insult riskini xeyli azaldır.
Qara şokolad həm də beyində serotonin və dopamin hormonlarının səviyyəsini artıraraq stressi və gərginliyi aradan qaldırır. Bu məhsul antioksidant deposu olduğu üçün hüceyrələrin vaxtından əvvəl qocalmasının qarşısını alır. Lakin bu faydaları əldə etmək üçün şokoladın tərkibində kakanın payı ən azı 70 faiz olmalıdır.
Süd və şəkər əlavə edilmiş adi şokoladlar isə əksinə, orqanizm üçün zərərli ola və çəki artımına səbəb ola bilər. Mütəxəssislər xəbərdarlıq edirlər ki, yalnız təbii və təmiz tərkibli məhsullar müalicəvi əhəmiyyət daşıyır. Şokoladı günün birinci yarısında qəbul etmək enerji səviyyəsini yüksəltmək üçün daha effektivdir.
Yeni elmi tapıntılar göstərir ki, qara şokolad həm də dərinin günəş şüalarına qarşı dözümlülüyünü artırır. Kakao yağları dərini daxildən nəmləndirərək onun daha parlaq və sağlam görünməsini təmin edir. Şokolad həvəskarları üçün bu xəbər sevimli təamlarından sağlamlıq üçün istifadə etmək imkanı yaradır.






