Artıq çəkidən qurtulmaq üçün insanlar müxtəlif üsullara – pəhrizlərə, idmana, kalori hesablamasına və detoks proqramlarına müraciət edirlər. Bununla yanaşı, gündəlik qidalanmada xırda dəyişikliklər etməklə də arıqlama prosesini dəstəkləmək mümkündür. Foodinfo.az Sports.kz-ə istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, bəzi adi ədviyyatlar maddələr mübadiləsini sürətləndirərək yağların daha aktiv şəkildə parçalanmasına kömək edir.

Məlumata görə, bu ədviyyatların əsas üstünlüyü ondadır ki, onlar sərt pəhrizlərə keçmədən, aclıq hissi yaşamadan çəkinin tədricən azalmasına dəstək verir. Belə ədviyyatlardan biri darçındır. Darçının tərkibindəki fəal maddələr qlükozanın orqanizmdə daha sürətli emal olunmasına kömək edir və onun yağ kimi yığılmasının qarşısını alır. Eyni zamanda darçının qoxusu şirniyyata olan istəyi azaltdığı üçün iştahın nəzarətdə saxlanmasına yardım edir.

Arıqlama zamanı tez-tez tövsiyə olunan digər ədviyyat isə zərdəçöpdür. Zərdəçöp maddələr mübadiləsini sürətləndirir, yağ toxumasının yığılmasına mane olur və yağların parçalanmasını dəstəkləyir. Mütəxəssislər bildirir ki, bu ədviyyatın təsiri müntəzəm istifadə zamanı daha aydın hiss olunur.

Mixək də çəki azaldan ədviyyatlar sırasında yer alır. Onun tərkibində olan efir yağları maddələr mübadiləsini fəallaşdırır və aclıq hissini zəiflədir. Bu xüsusiyyətlər pəhriz dövründə qida məhdudiyyətlərinə daha rahat dözməyə kömək edir.

Həmçinin keklikotu arıqlamaq istəyənlər üçün faydalı sayılır. Bu ədviyyat həzmi yaxşılaşdırır, qidanın mənimsənilməsini artırır və orqanizmdə iltihabi proseslərin azalmasına yardım edir. Həzm sisteminin normal işləməsi isə artıq çəki ilə mübarizədə mühüm rol oynayır.

Zəncəfil də yağ yandırıcı təsiri ilə seçilir. Xüsusilə üyüdülmüş halda istifadə edilən zəncəfil bağırsaqların, qaraciyərin və ümumi həzm sisteminin fəaliyyətini tənzimləyir. Məlumata görə, zəncəfil qarın və bud nahiyəsindəki yağ yığıntılarına qarşı daha təsirli hesab olunur.

Mütəxəssislər qeyd edirlər ki, ədviyyatlar möcüzə yaratmasa da, düzgün və balanslı qidalanma ilə birlikdə istifadə edildikdə arıqlama prosesini daha rahat və davamlı edə bilər.