Qış mövsümündə orqanizmin vitamin və faydalı maddələrə olan tələbatı artır, bu da ümumi sağlamlıq vəziyyətinə təsir göstərə bilər. Soyuq havalarda bir çox insan daha çox yağlı qidalara üstünlük verilməsinin düzgün olub-olmadığı ilə maraqlanır. Foodinfo.az Championat.com saytına istinadla xəbər verir ki, həkim-dietoloq Maryana Jutova qış aylarında faydalı yağların az miqdarda artırılmasının əsaslı olduğunu bildirib.
Mütəxəssisin sözlərinə görə, yağlar orqanizm üçün əsas enerji mənbələrindən biri olmaqla yanaşı, hüceyrə qişalarının, o cümlədən immun sisteminin hüceyrələrinin formalaşmasında mühüm rol oynayır. Xüsusilə uşaqlar üçün yağlar daha vacib hesab olunur və gündəlik qida rasionunda enerjinin təxminən üçdə birinin yağlardan alınması sinir sisteminin inkişafı üçün zəruridir.
Həkim bildirir ki, omeqa-3 yağları iltihabəleyhinə təsir göstərir və beyinlə ürək fəaliyyətini dəstəkləyir. Bu yağlar əsasən yağlı balıq növlərində, kətan yağı və qozda mövcuddur. Zeytun yağı, avokado və badamda olan tək doymamış yağlar isə qanda yağ balansının qorunmasına kömək edir.
Doymuş yağların da tamamilə rasiondan çıxarılmaması tövsiyə olunur, lakin onların miqdarı məhdud olmalıdır. Kərə yağı və pendir kimi məhsullar gündə az miqdarda qəbul edildikdə zərərli hesab edilmir.
Eyni zamanda, mütəxəssis süni yağlardan uzaq durmağı tövsiyə edir. Marqarin, hazır şirniyyatlar və tez hazırlanan qidalar sağlamlıq üçün risk yaradır. Həkimin fikrincə, qış aylarında əsas məqsəd yağ miqdarını artırmaq deyil, düzgün və balanslı yağ mənbələrinə üstünlük verməkdir.






