
Psixoterapevt Yuliya Romanenko bildirib ki, insanlarda yaranan qəfil və nəzarətsiz yemək istəyi bəzən orqanizmin fiziki ehtiyacından deyil, psixoloji aclıqdan qaynaqlanır. Foodinfo.az xəbər verir ki, mütəxəssis “Qazeta.ru”ya açıqlamasında gündəlik üç dəfə yemək yeyən bir şəxsin qəfil nəsə yemək istəməsinin məhz bu halı göstərə biləcəyini vurğulayıb.
Onun sözlərinə görə, psixoloji aclığın əsas əlamətlərindən biri yemək barədə düşüncələrin insanı tamamilə ələ almasıdır. Bu halda insan tox olsa da, yemək istəyi qarşısında dura bilmir. Romanenko əlavə edib ki, fiziki aclıq zamanı insan müxtəlif qidalarla kifayətlənə bilir, lakin psixoloji aclıq konkret olaraq şirniyyat və ya “zərərli” fastfud məhsullarına meyli artırır.
Mütəxəssis bildirib ki, belə vəziyyətlər adətən emosional boşluq, stress və ya gündəlik gərginliklə bağlı olur. İnsanlar yeməyi daxili narahatlıqları kompensasiya vasitəsi kimi seçirlər. Bu isə uzun müddətdə artıq çəki, maddələr mübadiləsi pozuntuları və hətta asılılıq riskini artırır.
Romanenko psixoloji aclıqdan çıxış yolu kimi diqqəti emosiyaların idarə olunmasına yönəltməyin vacibliyini qeyd edib. Onun sözlərinə görə, idmanla məşğul olmaq, meditasiya, hobbilərə vaxt ayırmaq və psixoloq dəstəyi almaq bu problemin qarşısını ala bilər.