Şəkər qamışı əsasında istehsal olunan şəkər çox vaxt daha “təbiidir” kimi təqdim edilsə də, onun həddindən artıq istifadəsi sağlamlıq üçün ciddi fəsadlar yarada bilər. Foodinfo.az xəbər verir ki, Dövlət Maarif Universitetinin Təbii Elmlər fakültəsinin dekanı vəzifəsini icra edən bioloq İrina Lyalina bu barədə NEWS.ru-ya açıqlama verib.

Mütəxəssisin sözlərinə görə, şəkər qamışı məhsullarının yüksək kalorili olması artıq çəkiyə səbəb olur. O qeyd edib ki, bu cür şəkərin çox istifadəsi insulinin təsirinə müqaviməti artırır, piylənmə və 2-ci tip şəkərli diabet riskini yüksəldir. Bundan başqa, qaraciyərin alkoqolla əlaqəsi olmayan piylənmə xəstəliyinə gətirib çıxara, qan lipid balansını poza bilər.

Lyalina əlavə edib ki, şəkər qamışı tərkibində mikroelementlər daşısa da, onların miqdarı insan sağlamlığı üçün nəzərəçarpacaq fayda vermir. Yəni bu maddələr şəkərin yaratdığı mənfi təsirləri kompensasiya etmir.

Bioloq həmçinin ağız sağlamlığına diqqət çəkərək bildirib ki, şəkər qamışı bakteriyaların çoxalması üçün əlverişli mühit yaradır. Bu isə kariyes riskini artırır və diş sağlamlığına mənfi təsir göstərir.

Mütəxəssis tövsiyə edib ki, şəkər qamışından hazırlanmış məhsullardan yalnız az miqdarda istifadə etmək məqsədəuyğundur. Onun fikrincə, bu məhsul yalnız dadlandırıcı və aromatik əlavələr kimi pəhrizə daxil edilməlidir, gündəlik əsas enerji mənbəyi rolunu oynamamalıdır.

Lyalina sonda vurğulayıb ki, sağlamlıq üçün ən düzgün yanaşma şəkərdən, o cümlədən qamış şəkərindən istifadənin minimuma endirilməsi və balanslaşdırılmış qidalanmaya üstünlük verilməsidir.