
Bal dünyanın ən qədim və ən faydalı təbii qidalarından biri hesab olunur. Foodinfo.az bildirir ki, mütəxəssislər onun immun sistemi gücləndirən güclü təsirə malik olduğunu vurğulayır. Lakin balın qəbulunda diqqət edilməli vacib bir məqam var: onu yüksək temperaturda istifadə etmək sağlamlığa zərər verə bilər.
ROSBİOTEX Universitetinin dosenti Dmitri Bıstrovun sözlərinə görə, balı 40 dərəcədən isti mayeyə qatmaq olmaz. Çünki bu halda məhsul öz faydalı xüsusiyyətlərini itirir. Əgər bal 42 dərəcədən artıq qızdırılarsa, tərkibində oksimetilfurfural adlı zərərli maddə əmələ gəlir ki, bu da orqanizmə mənfi təsir göstərə bilər.
Mütəxəssis əlavə edib ki, balı ən yaxşı halda təmiz formada — gündə 1-2 çay qaşığından artıq olmamaq şərti ilə qəbul etmək olar. Həmçinin soyuq desertlərdə və ya 40 dərəcədən aşağı mayelərdə istifadə edildikdə balın bütün faydaları qorunur.
Bıstrovun fikrincə, bal limon və zəncəfillə birlikdə xüsusilə effektivdir. Bu qarışıq immuniteti gücləndirən, həm də orqanizmi enerjili saxlayan təbii vasitə hesab olunur. O, balın günün birinci yarısında qəbul edilməsini tövsiyə edir, çünki məhsul sürətli karbohidratlarla zəngindir və günün gec saatlarında artıq çəkiyə səbəb ola bilər.