Yaşı altmış beşdən yuxarı olan insanlar üçün kakaonun gündəlik istifadəsi ürək və damar sağlamlığına müsbət təsir göstərir. Foodinfo.az Sports.kz-ə istinadla yazır ki, bu qənaətə ABŞ alimləri gəliblər. Onların araşdırması Age and Aging jurnalında dərc olunub.

Tədqiqatda iyirmi bir mindən çox altmış yaşdan yuxarı insan iştirak edib. Onların bir qismi kakao ekstraktı qəbul edib, digər qrupa isə plasebo verilib. Nəticədə altı ilə qədər davam edən müşahidələr göstərib ki, kakao qəbul edənlərdə ürək-damar xəstəliklərindən ölüm riski iyirmi yeddi faiz azalıb.

Mütəxəssislərin sözlərinə görə, kakaonun əsas sirri onun tərkibindəki flavanollardır. Bu maddələr iltihabı azaldır, damar divarlarını möhkəmləndirir və qocalma prosesini ləngidir. Araşdırmada iştirakçılar hər gün beş yüz milliqram flavanol qəbul ediblər.

Lakin mağazalarda satılan adi kakao tozunun tərkibində bu maddələr cəmi on milliqram civarındadır. Ona görə də seçilən məhsulun keyfiyyətli, şəkərsiz və əlavə qatqısız olması mühümdür.

Alimlər bildirirlər ki, acı və bir qədər sərt dada malik kakao daha faydalıdır. Çünki belə məhsullarda antioksidantların miqdarı yüksək olur. Əksinə, uzun müddətli fermentasiya və ya kimyəvi alqalizasiya prosesindən keçirilmiş kakao əhəmiyyətli dərəcədə faydasızlaşır.

Mütəxəssislər yaşlı insanlara hər gün keyfiyyətli kakao içməyi tövsiyə edir və bunun sağlam qidalanmanın bir hissəsi kimi qəbul edilməsini vacib sayırlar.