Təzə soğan faydalı maddələrlə zəngin olsa da, bəzi insanlarda ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Mütəxəssislər bildirirlər ki, müəyyən xəstəlikləri olan şəxslər bu məhsulu ehtiyatla istifadə etməlidirlər.

Foodinfo.az “Çempionat” saytına istinadla xəbər verir ki, qastroenteroloq Vladimir Loqinovun sözlərinə görə, təzə soğan ilk növbədə qastroezofageal reflüks xəstəliyi və qida borusu yırtığı olan insanlar üçün təhlükəlidir. Soğanın tərkibindəki maddələr mədə turşusunun qida borusuna qayıtmasının qarşısını alan sfinkteri zəiflədir. Nəticədə güclü ürək yanması, turş gəyirmə və hətta ürək ağrısını xatırladan narahatlıq yarana bilər.

Həkim qeyd edir ki, qıcıqlanmış bağırsaq sindromu olan insanlar üçün də soğan uyğun deyil. Məhsulun tərkibində olan fruktanlar bağırsaqda həzm olunmadan qalır və qıcqırmaya səbəb olur. Bu isə köp, spazm, ishal və ya qəbizlik kimi problemlərə gətirib çıxara bilər.

Mütəxəssis əlavə edir ki, pankreatit zamanı təzə soğan qəti qadağandır. Soğanın efir yağları mədəaltı vəzinin ferment ifrazını artırır və bu, güclü ağrı tutmalarına səbəb ola bilər. Qastrit və mədə xorası zamanı isə soğan selikli qişanı qıcıqlandıraraq turşuluğun artmasına və ağrıların güclənməsinə gətirib çıxarır. Həkimlər ürək-damar xəstəlikləri olan şəxslərin də bu məhsulu ehtiyatla istifadə etməsini tövsiyə edirlər.