Səhər saatlarında qəbul edilən qəhvə təkcə ayıltmaqla kifayətlənmir, həm də sağlamlıq üçün müəyyən üstünlüklər yarada bilər. Son illərin araşdırmaları göstərir ki, müntəzəm və ölçülü şəkildə qəhvə istehlakı 2-ci tip diabet riskinin azalması ilə əlaqələndirilir.
Foodinfo.az xarici mətbuata istinadla xəbər verir ki, əvvəlki dövrlərdə qəhvənin tərkibindəki kofeinin qan təzyiqinə, adrenalinin səviyyəsinə və qan şəkərinə təsiri ilə bağlı narahatlıqlar mövcud idi. Lakin tədqiqatçılar müəyyən ediblər ki, qəhvə müntəzəm qəbul edildikdə orqanizm onun stimullaşdırıcı təsirinə uyğunlaşır və insulinə həssaslıqda mənfi dəyişikliklər azalır.
Qəhvənin faydası yalnız kofeinlə məhdudlaşmır. Onun tərkibində olan polifenollar, xüsusilə xlorogen turşusu iltihabəleyhinə təsir göstərir, insulinə həssaslığı artırır və qan şəkərinin səviyyəsinin nəzarətdə saxlanmasına kömək edir. Bu maddələr həmçinin qaraciyər və mədəaltı vəzinin sağlamlığını dəstəkləyir ki, bu da diabetin profilaktikasında mühüm rol oynayır.
Bununla belə, mütəxəssislər həddindən artıq qəhvə istehlakından çəkinməyi tövsiyə edirlər. Gündə 4–5 fincandan artıq qəbul bəzi insanlarda narahatlıq, yuxusuzluq və digər xoşagəlməz hallar yarada bilər. Xüsusilə hamiləlik dövründə və xroniki xəstəliklər zamanı qəhvə miqdarı həkimlə məsləhətləşərək müəyyənləşdirilməlidir.






