Evdə qızardılmış yeməklər bişirən zamanı yağ qoxusu çox insanı narahat edir. Bəzi evdar qadınlar yağların ətrafa sıçramasından çox narahat olur. Mətbəxin döşəməsi, sobası, çaydanı və ya ətrafındakı digər əşyalara yağ içində qalır. Eyni zamanda bu yağ sıçramaları ilə özümüzü yandıra bilərik.

Bəs bütün bunların qarşısını almaq mümkündürmü? 

 Foodinfo.az qızartma zamanı yağ sıçramasının qarşısını alan üsulları təqdim edir.

 Əvvəla, qızardacağınız qazan və ya tava tamamilə quru olmalıdır. Su yağın sıçramasına səbəb olur. Qazanı-tavanı təzəcə yuyubsunuzsa, onları dəsmalla tamamilə qurutmaq lazımdır.

Digər bir üsul mümkün qədər dərin bir qazan və ya tava istifadə etməkdir. Çünki yağ sıçrasa dərin qazanda olduğu üçün ətrafa yayılmayacaq. 

Qızartma zamanı yağın temperaturunu yoxlayın. Təxminən 180 dərəcə olmalıdır. Bunu bir tikə çörək, sarımsaq və ya duzla yoxlaya bilərsiniz. Yağ çox köpüklənərsə, bu, temperaturun çox yüksək olduğunu və bir qədər soyutma tələb olunduğunu bildirir.

Yağın tüstülənməməsinə qarşı çox diqqətli olun. Əgər tüstü varsa, anlayın ki, yağ yanmışdır və sizin yeməlkər dadsız və zərərli olacaqdır.

Qızartma zamanı yağın sıçramaması üçün ən vacib məqamlardan biri də qızardacağınız yeməyin quru olmasıdır. Əgər kartofu qızartmağa hazırlaşırsınızsa, mütləq artıq nəmi çıxarın. Badımcanları qızartmağa hazırlaşırsınızsa, acı suyunu çıxardıqdan sonra badımcanları mütləq süzüb qurudun. Çünki su nə qədər çox olarsa, yağ da bir o qədər çox sıçrayır. Əgər dondurulmuş məhsuldan istifadə edəcəksinizsə, onu donunu mütlıq açmalısınız.