
Pambıq keks (Cotton Cake) sadə maddələrlə hazırlanan və dadı ilə hər kəsi özünə cəlb edən gözəl desert alternatividir. Yumşaq teksturası və yüngül dadı ilə xüsusilə çay saatı və ya özəl günlər üçün mükəmməl bir seçimdir. Bu resepti sınamaqla siz qonaqlarınızı və ailənizi təəccübləndirə bilərsiniz. Unutmayın ki, ən yaxşı nəticə əldə etmək üçün maddələrinizi diqqətlə seçmək və reseptə sadiq qalmaq vacibdir.
Foodinfo.az bu keksin reseptini təqdim edir:
Lazım olan ərzaqlar:
4 yumurta (ağ və sarısı ayrı)
1,5 stəkan şəkər
Yarım armudu stəkan qaynar su
1 çay stəkanı yağ
1 limon
1 stəkan buğda və ya qarğıdalı nişastası
1 stəkan ələnmiş un
1 paket qabartma tozu
1 paket vanil
Hazırlanması:
Yumurtanın ağını və sarısını ayırın. Sonra bir qabda mikserin yüksək sürəti ilə krem kimi konsistensiyaya çatana qədər şəkərin yarısı ilə yumurta ağını çalın. Ayırdığınız yumurta sarısını qalan şəkərlə ayrı bir qabda ağarana qədər mikserlə çalın. Qaynar su əlavə edib 2 dəqiqə yenidən çalın. Sonra yağ, limon suyu və limon qabığını əlavə edib 2 dəqiqə yenə mikerlə qarışdırın. Nişasta, un, qabartma tozu və vanili əlavə edib inqrediyentlər qarışana qədər son dəfə çırpın. Qarışdırma prosesi bitdikdən sonra yumurtanın ağını yavaş-yavaş sarısına əlavə edin və spatula ilə aşağıdan yuxarıya doğru yavaş hərəkətlərlə qarışdırın. Yumurta ağını bir anda deyil, bir neçə partiya ilə əlavə edin.
Hazırladığınız keks xəmirini yapışmaması üçün yağı ilə yağladığımız 24 sm-lik qəlibə tökün. Keksi ilk yarım saat qapını açmadan 170°C-yə qədər qızdırılmış sobada nəzarətli şəkildə 40 dəqiqə bişirin. Soyuduqdan sonra xidmət edin.