
İdman təbabəti üzrə həkim-dietoloq Yekaterina Strelnikova oynaq sağlamlığını qorumaq üçün düzgün qidalanmanın mühüm rol oynadığını vurğulayıb. Foodinfo.az bildirir ki, “İzvestiya” nəşrinə danışan mütəxəssis bildirib ki, qida rejimi təkbaşına ağrını birdən-birə kəsməsə də, uzunmüddətli təsiri danılmazdır.
Strelnikova qeyd edib ki, oynaq ağrılarının səbəbləri müxtəlifdir: podaqra və artritdən tutmuş zədələrə və artıq çəkiyə qədər. Buna görə də pəhrizə yanaşma hər şəxs üçün fərdi şəkildə seçilməlidir.
Mütəxəssis oynaqlar üçün xüsusilə faydalı olan dörd əsas qida qrupunu açıqlayıb. Birinci qrup omeqa-3 yağ turşuları ilə zəngin məhsullardır – balıq, dəniz məhsulları, avokado və kətan toxumu yağı. İkinci qrup isə yüksək keyfiyyətli zülal mənbələridir: ət, quş əti, süd məhsulları və yumurta.
Üçüncü faydalı qrup kalsiumla zəngin qidalardır – pendir, qoz-fındıq, quru meyvələr və göyərti. Dördüncü isə vitaminlərlə zəngin tərəvəz, giləmeyvə və meyvələrdir.
Dietoloq əlavə edib ki, bu məhsullar pəhrizin əsasını təşkil etməlidir, lakin allergiya və digər xəstəliklər kimi fərdi məhdudiyyətlər mütləq nəzərə alınmalıdır. Onun sözlərinə görə, yaş amili bu prosesdə həlledici deyil.
Strelnikova bildirib ki, ciddi oynaq problemləri zamanı düzgün qidalanma yalnız yardımçı vasitədir və əsas müalicəvi tədbirlərlə yanaşı tətbiq edilməlidir. Düzgün pəhriz isə oynaqların ümumi sağlamlığını dəstəkləyən əsas vasitələrdən biridir.