Qış aylarında şokolada meylin artması bir çox insanı narahat etsə də, mütəxəssislər bunun zəiflik deyil, orqanizmin mövsümi dəyişikliklərə verdiyi təbii reaksiya olduğunu bildirirlər. Həkimlər vurğulayırlar ki, bu dövrdə düzgün qidalanma və həyat tərzi ilə şirniyyata olan həddindən artıq istəyi nəzarətdə saxlamaq mümkündür. Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, bu barədə həkim-endokrinoloq Anna Oderiy açıqlama verib.
Mütəxəssisin sözlərinə görə, qışda gün işığının azalması orqanizmdə serotonin və melatonin hormonlarının ifrazını zəiflədir. Bu isə tez yorulma, əhvalın aşağı düşməsi və enerji çatışmazlığı ilə nəticələnir. Fiziki fəallığın azalması endorfinlərin səviyyəsini aşağı salır və nəticədə şokolad emosional rahatlıq mənbəyi kimi ön plana çıxır.
Həkim qeyd edib ki, qış mövsümündə qida rasionu da dəyişir, menyuda müxtəliflik azalır, sürətli karbohidratların payı artır. Zülal və yağların kifayət qədər qəbul edilməməsi orqanizmin enerjini şirin qidalardan almağa çalışmasına səbəb olur. Şokoladın cazibəsi onun tərkibi ilə də bağlıdır, çünki şəkər həzz mərkəzlərini aktivləşdirir, yağlar toxluq hissi yaradır, teobromin isə sinir sistemini stimullaşdırır.
Anna Oderiy vurğulayıb ki, şirniyyata qarşı davamlı və nəzarətsiz istək yorğunluq, faydalı maddələrin çatışmazlığı və nizamsız qidalanmanın göstəricisi ola bilər. O, şokoladı tam qadağan etməyi deyil, rasionu düzgün qurmağı tövsiyə edir. Mütəxəssis zülal, yağ və mürəkkəb karbohidratlarla zəngin qidaların, ət bulyonunda hazırlanmış şorbaların, tərəvəzlərin, meyvələrin və tam dənli sıyıqların faydalı olduğunu bildirib.
Həkimin sözlərinə görə, şokolada alternativ olaraq şəkərsiz kakao, bal ilə isti çay və ya qoz-fındıqla qatıq seçilə bilər. Onun fikrincə, əsas məqsəd ölçüyə riayət etmək və qidalanmaya şüurlu yanaşmaqdır ki, bu da şirniyyata sağlam münasibətin formalaşmasına kömək edir.






