Mütəxəssislər bildirirlər ki, su orqanizmin normal fəaliyyəti üçün vacibdir və sağlam həyat tərzinin əsas elementlərindən biridir. Kifayət qədər su qəbul etmək bədənin müxtəlif sistemlərinin düzgün işləməsinə kömək edir və bu da ümumi sağlamlığa müsbət təsir göstərir.
Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, nutrisioloq Yekaterina Maslova suyun arıqlama prosesində də mühüm rol oynaya biləcəyini bildirib. Onun sözlərinə görə, bədəndə qan, limfa, həzm şirələri və digər mayelərin normal fəaliyyəti üçün kifayət qədər su qəbul etmək vacibdir.
Mütəxəssis qeyd edib ki, bəzən insanlar susuzluğu aclıq hissi ilə qarışdırırlar. Çünki beynin aclıq və susuzluq mərkəzləri bir-birinə yaxın yerləşir. Bu səbəbdən bəzi hallarda insan ac olduğunu düşünərək artıq qida qəbul edə bilər. Halbuki bir stəkan su içmək bu hissi aradan qaldıra bilər.
Dietoloqlar tez-tez yeməkdən təxminən 20–30 dəqiqə əvvəl bir stəkan su içməyi məsləhət görürlər. Bu, həddindən artıq qidalanmanın qarşısını almağa və porsiyanın azalmasına kömək edə bilər.
Mütəxəssislərin sözlərinə görə, gündəlik su ehtiyacı adətən bədən çəkisinin hər kiloqramı üçün təxminən 30 millilitr hesablanır. Bununla belə, su qəbuluna tədricən alışmaq tövsiyə olunur. Ən düzgün seçim isə əlavə qatqılar olmadan sadə içməli su içməkdir.






