Arıqlamaq istəyən insanlar üçün düzgün qida seçimi böyük əhəmiyyət daşıyır. Dietoloqlar hesab edir ki, bəzi məhsullar həm az kalorili olur, həm də uzun müddət toxluq hissi yaradır.
Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, dietoloq Anekua Qodart bildirib ki, kərəviz arıqlamaq istəyənlər üçün ən uyğun qidalardan biridir. Onun sözlərinə görə, kərəviz o qədər az kaloriyə malikdir ki, orqanizm onu həzm edərkən demək olar ki, eyni miqdarda enerji sərf edir.
Mütəxəssis qeyd edib ki, kərəviz həm də antioksidantlar, beta-karotin və flavonoidlərlə zəngindir. Bu maddələr həzm sistemində iltihabın azalmasına kömək edir və orqanizmi müxtəlif xəstəliklərdən qorumağa dəstək olur.
Arıqlama pəhrizinə alma da əlavə etmək tövsiyə olunur. Alma lif və pektinlə zəngin olduğu üçün yağların mənimsənilməsini tənzimləməyə kömək edir. Bundan başqa, brokkoli, gül kələmi və xiyar kimi tərəvəzlər də az kalorili olduqları, eyni zamanda su və liflə zəngin olduqları üçün uzun müddət toxluq hissi yaradır.






