Aparılan elmi araşdırmalar göstərir ki, qidalanma yalnız fiziki sağlamlığa deyil, həm də beyin fəaliyyətinə ciddi təsir göstərə bilər. Xüsusilə liflə zəngin qidalar yaşlı insanlarda yaddaş və düşünmə qabiliyyətinin qorunmasına kömək edə bilər.
Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, Böyük Britaniyanın London Kral Kollecinin alimləri tərəfindən aparılan araşdırma bitki mənşəli lifin 60 yaşdan yuxarı insanlarda idrak funksiyalarını yaxşılaşdıra biləcəyini göstərib. Tədqiqatın nəticələri “Nature Communications” jurnalında dərc olunub.
12 həftə davam edən eksperimentdə idrak qabiliyyətinin zəifləməsi əlamətləri olan 36 cüt əkiz iştirak edib. Onların bir qrupuna bitki mənşəli lif əlavələri verilib, digər qrup isə plasebo qəbul edib. Araşdırmanın sonunda lif qəbul edən iştirakçılar yaddaş, düşünmə və məlumatın emal sürətini ölçən testlərdə daha yaxşı nəticələr göstəriblər.
Alimlər hesab edirlər ki, bu təsir bağırsaq mikroflorasının yaxşılaşması ilə əlaqədardır. Çünki bağırsaq və beyin arasında xüsusi sinir əlaqəsi mövcuddur və bağırsaq sağlamlığı beyin fəaliyyətinə birbaşa təsir göstərə bilər.
Mütəxəssislər liflə zəngin qidalar kimi qara lobya, Brüssel kələmi, avokado, batat, armud, şalğam, əncir, ərik və kətan toxumunu qida rasionuna əlavə etməyi tövsiyə edirlər.






