Piylənmədən nəyin bahasına olursa-olsun xilas olmaq lazımdır, çünki bu, bütün orqanizm üçün təhlükə yaradır. 

Foodinfo.az xəbər verir ki, bu barədə yüksək kateqoriyalı cərrah Sergey Vizqalov xəbərdarlıq edib.

Onun sözlərinə görə, piylənmə ürək xəstəliyi, insult, şəkərli diabet, bəzi xərçəng növləri, sonsuzluq və oynaq xəstəliklərinin inkişaf riskini kəskin artırır.

Bədən kütləsi indeksinin (BKI) hesablanması artıq çəkinin mövcudluğunu müəyyən etməyə kömək edir: çəki (kq) boyun kvadratına (m2)  bölünür. Nəticə 30-34,9 olarsa, bu, insanda birinci, 35-39,9 - ikinci, 40 və daha yüksəkdirsə, üçüncü.dərəcəli piylənmənin olduğunu göstərir. 

"Üçüncü dərəcəli piylənmə morbid piylənmə adlanır. Bu, xəstəliyin ağır formasıdır və təkcə bədən kütləsi indeksi ilə deyil, həm də müşayiət olunan patologiyalarla əlaqələndirilir. Belə ki, bədən kütləsi indeksi 35 və ürək-damar xəstəliyi olan şəxsə morbid piylənmə diaqnozu qoyulur," - deyə Vizqalov izah edib.

Onun sözlərinə görə, piylənmənin dərəcəsi aşağıdırsa və insanda iradə varsa, idman və düzgün qidalanma kömək edəcək. Əgər piylənmə morbiddirsə, idmanla məşğul olmaq artıq təhlükəlidir. Bu vəziyyətdə ciddi pəhrizə oturmaq da çətindir, çünki burada çox vaxt yemək davranışının pozğunluğundan söhbət gedir. Bu cür insanların yalnız 5%-i həqiqətən arıqlaya və çəkini saxlaya bilir. Həkim bu vəziyyətdə bariatrik cərrahiyyəni (mədə kiçiltmə əməliyyatını) piylənmə ilə mübarizədə ən təsirli üsul adlandırıb, bundan sonra çəki 16 ilə qədər stabil qalır.

Bariatrik cərrahiyyə - çəki verilməsi məqsədi ilə aparılan bütün cərrahi əməliyyatların toplusudur. Bu, mədənin həcminin və qida borusunun uzunluğunun kiçildilməsidir. Bariatrik cərrahiyyə əməliyyatı insanın daha az yemək yeməsinə və erkən toxluq hissi əldə etməsinə imkan verir. Bariatrik cərrahiyyə növlərinin bəzilərində isə nazik bağırsaqda həyata keçirilən dəyişikliklərlə qəbul edilən qida maddələrinin udulması və kalori qəbulunun azaldılması hədəflənir. 
Bu cür müdaxilələr çox vaxt aşağı travmatik şəkildə həyata keçirilir ki, bu da bir insanın iki həftədən sonra normal həyat tərzinə qayıtmasına imkan verir. Ancaq əməliyyatdan sonra da həkimə müraciət etməli və çəkinizi nəzarətdə saxlamalı olacaqsınız.

Nurlan