Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi quş qripi xəstəliyinə qarşı növbəti epizootoloji monitorinqlər keçirəcək.

Foodinfo.az xəbər verir ki, cari il 26 fevral – 1 mart tarixlərində keçiriləcək monitorinqlər zamanı Naxçıvan Muxtar Respublikasının təbiət əraziləri və su hövzələri ətrafı ilə yanaşı, vəhşi quşlara ümumi baxış keçiriləcək, sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində və ailə təsərrüfatlarında ev quşlarından laborator müayinə aparılması üçün diaqnostik nümunələr götürüləcək. Həmçinin baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək.

Tədbirlər müddətində götürülmüş nümunələrin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında müvafiq müayinələri aparılacaqdır.

Qeyd edək ki, monitorinqlər quş qripi xəstəliyinin qarşısının alınması üzrə dövlət qurumlarının və digər aidiyyəti subyektlərin əlaqəli Fəaliyyət Planına uyğun olaraq aparılır.