III MDB Oyunları çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən qidalanmanın təşkili sahəsində nəzarət və tənzimləmə tədbirləri gücləndirilib. Bu məqsədlə genişmiqyaslı laborator müayinələr aparılır.

Foodinfo.az xəbər verir ki, Mingəçevir, Yevlax, Xankəndi, Gəncə, Göygöl, Naftalan, Qəbələ və Şəki şəhərlərindən daxil olan yaxma, su və qida nümunələri Analitik Ekspertiza Mərkəzinin Gəncə və Göygöl Regional Sınaq Laboratoriyalarında müayinədən keçirilir. Müayinələr zamanı insan sağlamlığı üçün risk yarada biləcək bakteriyaların mövcudluğu yoxlanılır.

Eyni zamanda, Xankəndi və Qəbələ şəhərlərinə təhkim edilmiş səyyar qida laboratoriyalarında ekspress mikrobioloji analizlər və suda ümumi çirklənmənin təyini müayinələri də aparılır. Bu tədbirlər qida və suyun sanitar-epidemioloji təhlükəsizliyinin təmin edilməsinə, oyunlarda iştirak edən idmançıların və digər şəxslərin sağlamlığının qorunmasına xidmət edir. 

AQTİ tərəfindən həyata keçirilən kompleks nəzarət mexanizmləri III MDB Oyunları müddətində beynəlxalq standartlara uyğun təhlükəsiz qidalanma mühitinin yaradılmasına yönəlib.