
BMT bütün dünyaya xatırladıb ki, hazırda təxminən 733 milyon insan aclıqdan əziyyət çəkir, halbuki hər gün milyarddan çox yeməyə yararlı porsiya tullantıya çevrilir. Bu qida miqdarı aclıqdan əziyyət çəkənlərin hamısını ən azı gündə bir dəfə doyurmağa kifayət edərdi.
Foodinfo.az xəbər verir ki, BMT-nin Beynəlxalq Qida İtkiləri və Tullantıları Haqqında Məlumat Günü çərçivəsində təqdim olunan hesabatda vəziyyətin ciddiliyi vurğulanıb. Məlumatlara görə, dünya üzrə istehsal olunan ərzağın 13,2 faizi yığım və satışa qədərki mərhələdə, daha 19 faizi isə ev təsərrüfatlarında, restoranlarda və mağazalarda itirilir. Bu isə ümumilikdə 1,05 milyard ton ərzaq itkisi deməkdir.
Ekspertlər bildirirlər ki, qida tullantıları təkcə sosial problem deyil, həm də iqtisadi və ekoloji nəticələr yaradır. İtkilər məhsul qiymətlərini artırır, zibilliklərdə çürüyən ərzaq isə parnik qazlarının emissiyasını artıraraq iqlim dəyişikliyini sürətləndirir.
FAO-nun baş direktoru Çüy Dun’yuy çıxışında qeyd edib:
“Qida tullantılarının azaldılması üçqat fayda gətirə bilər: insanların ərzaq təhlükəsizliyini və qidalanmasını yaxşılaşdırmaq, istehsalçılar, biznes və istehlakçılar üçün iqtisadi səmərə təmin etmək, həmçinin ətraf mühitə və iqlimə təsiri azaltmaqla yanaşı, biomüxtəlifliyi qorumaq.”
Mütəxəssislər vurğulayır ki, hər bir ölkə bu istiqamətdə tədbirlər görməlidir – istehsal zəncirində texnologiyaların təkmilləşdirilməsi, məişət səviyyəsində israfın azaldılması və ictimai maarifləndirmə bu prosesin əsas hədəfləridir.