
Mütəxəssislər xəbərdarlıq edirlər ki, gündəlik həyatımızda tez-tez istifadə olunan plastik qablardan düzgün istifadə olunmadıqda, onlar sağlamlıq üçün ciddi təhlükə yarada bilər. Foodinfo.az xəbər verir ki, bu barədə RT-yə açıqlamasında kimya elmləri namizədi, RTU MİREA-nın A.N. Reformatski adına qeyri-üzvi kimya kafedrasının dosenti Andrey Doroxov danışıb.
Onun sözlərinə görə, bəzi plastik növləri, xüsusən də polivinilxlorid (PVC) tərkibində təhlükəli maddələr — ftalatlar və bisfenol A saxlayır. Bu maddələr qida ilə təmasda olduqda endokrin sistemin fəaliyyətinə mənfi təsir göstərir. “Məsələn, mikrodalğalı sobada plastik qabı qızdırarkən materialın parçalanması baş verir və görünməz şəkildə mikroplastik ilə yanaşı kimyəvi əlavələr də qidaya keçir”, — deyə Doroxov bildirib.
Alim qeyd edib ki, xüsusilə turşulu məhsullar (məsələn, tomat sousu ilə makaron) bu prosesi sürətləndirir və stiroldan ibarət maddələrin ayrılmasına səbəb olur. Stirol isə sübut olunmuş xərçəng əmələ gətirici təsirə malikdir.
Mütəxəssis xəbərdarlıq edir ki, təhlükə yalnız qızdırma zamanı deyil, həm də qabların qabyuyan maşında yuyulması zamanı yaranır. Yüksək temperatur plastik səthində mikroskopik çatlar əmələ gətirir, bu çatlara yuyucu vasitələr dolur və sonradan istifadə zamanı qidaya qarışır. “Hətta keyfiyyətli polipropilen qablar belə çoxsaylı yuyulmalardan sonra təhlükəli maddələr buraxmağa başlayır”, — deyə o əlavə edib.
Doroxovun sözlərinə görə, ən narahatedici məqam bu risklərin illərlə yığılmasıdır. Mikroplastik və kimyəvi əlavələr orqanizmdə toplanaraq uzunmüddətli sağlamlıq fəsadlarına səbəb ola bilər.
O, insanlara yalnız “mikrodalğalı sobada istifadəyə yararlıdır” işarəsi olan qablardan istifadə etməyi, köhnə və cızılmış plastik qablardan imtina etməyi, həmçinin uşaqların qidalanmasında yalnız şüşə və keramika qablarına üstünlük verməyi tövsiyə edib.
Kimyaçı hesab edir ki, plastiklə bağlı əsas qoruyucu amil insanların diqqətli və şüurlu yanaşmasıdır.