
İstehlakçılara keyfiyyətli və təhlükəsiz xidmət göstərilməsi məqsədilə ictimai iaşə müəssisələrinin əməkdaşları mövcud sanitar-gigiyena qaydalarına ciddi riayət etməlidir. Bu istiqamətdə məlumatlılığın artırılması və qida təhlükəsizliyinin təmin olunması üçün maarifləndirici tədbirlər davam etdirilir.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Təlim Mərkəzi tərəfindən “City Service Company” MMC restoranlar şəbəkəsinin mütəxəssisləri üçün “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təlim təşkil olunub.
Bu barədə Foodinfo.az-a AQTİ-dən məlumat verilib.
Təlimdə “Qida təhlükəsizliyi haqqında” Qanunun tələblərinə uyğun olaraq əməkdaşların şəxsi gigiyenası, zərərvericilərə nəzarət, təmizləmə və dezinfeksiya prosedurları, qida məhsullarının daşınması, saxlanması və düzgün emalı qaydaları barədə ətraflı məlumat verilib.
Təlim zamanı mətbəx sahəsində praktiki nümunələr əsasında əyani izahlar təqdim olunub, fiziki, kimyəvi və bioloji təhlükələr, gigiyenik tədbirlər, qida məhsullarının saxlanması və dövriyyəsinə dair tələblər izah edilib. Təlim çərçivəsində iştirakçıların sualları cavablandırılıb, bilik və bacarıqları dəyərləndirilib.




