Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən Abşeron Regional Sınaq Laboratoriyası beynəlxalq səriştəlilik sınaqlarında uğurlu nəticələr əldə edib. İngiltərənin “LGC” şirkəti tərəfindən təşkil olunan sınaqlar quru süd nümunələrində koliformlar, enterobakteriya, E. coli, mezofil aerob və fakültativ anaerob mikroorqanizmlər parametrlərinin, kərə yağı nümunələrində isə yağlılıq, duz, nəmlik, pH və quru maddə parametrlərinin təyini üzrə aparılıb.

Bu barədə Fooodinfo.az-a AQTİ-dən məlumat verilib.

Abşeron Regional Sınaq Laboratoriyasında qida məhsullarının keyfiyyət və təhlükəsizlik parametrlərinə uyğun mikrobioloji, fiziki-kimyəvi və cihaz müayinələri həyata keçirilir. Laboratoriya AZS ISO/IEC 17025:2020 “Sınaq və kalibrlənmə laboratoriyalarının səlahiyyətliliyinə dair ümumi tələblər" standartına əsasən Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən akkreditasiyadan keçib.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarının maddi-texniki bazası mütəmadi olaraq gücləndirilir və modernləşdirilir. Qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı məqsədilə həmçinin qabaqcıl texnologiyalar tətbiq edilir, kadrların səriştəsinin artırılması üçün isə təlimlər və beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirakı təmin olunur.