Keytrinq fəaliyyəti göstərən müəssisələrdə qida məhsullarının hazırlanması və çatdırılması zamanı sanitar qaydalara ciddi şəkildə riayət edilməlidir. Belə ki, ilkin olaraq xammalın qəbulu üçün xüsusi sahə təşkil edilməlidir. Emal sahələri isə təyinatı üzrə ayrılmalıdır. Bu sahələrin ayrılmasında əsas məqsəd texnoloji ardıcıllığa riayət edilməsi, çarpaz çirklənmənin qarşısının alınması və temperatur rejiminə riayət edilməklə məhsulların hazırlanmasından ibarətdir. 

Bu müəssisələrdə mühüm amillərdən biri də hazır qida məhsullarının qablaşdırılması prosesidir. Hazır qidaların qablaşdırması məhsulun çirklənməsinin qarşısını alacaq formada həyata keçirilməlidir. Əks təqdirdə qida məhsulunun çirklənmə mənbəyi olan qablaşdırma materialları ilə sirayətlənməsi nəticəsində məhsullarda fiziki, kimyəvi və mikrobioloji çirklənmə baş verir ki, bu da insan həyatı və sağlamlığı üçün risk yaradır. 

Keytrinq xidməti zamanı qida blokunda isti yeməklər və soyuq qəlyanaltıların daşınması üçün temperaturu müəyyən müddət ərzində stabil saxlayan termobokslar təşkil edilməlidir. 

Qida məhsullarının daşınması üçün istifadə olunan nəqliyyat vasitələri və konteynerlər sanitar gigiyenik cəhətdən təmiz və işlək vəziyyətdə saxlanmalı, kənar iylər olmamalı, qida məhsullarının çirklənmədən müdafiəsini təmin etməlidir. Termoboksların xüsusi ayrılmış yerlərdə xüsusi yuyucu və dezinfeksiyaedici maddələrlə yuyulub təmizlənməsi həyata keçirilməlidir. 

Mövzu ilə bağlı AQTA-nın hazırladığı videonu linkdən izləyə bilərsiniz.