Bakıda Prezident İlham Əliyevin himayəsi altında 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (1st Azerbaijan International Investment Forum – “AIIF 2025”) keçirilir. Forum çərçivəsində təşkil olunan plenar sessiyada Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Zəkiyyə Mustafayeva Azərbaycanda qida təhlükəsizliyi sahəsində həyata keçirilən islahatlar barədə məlumat verib.

Foodinfo.az-ın xəbərinə görə, qeyd olunub ki, dünyada qlobal iqlim dəyişiklikləri, ərzaq təhlükəsizliyi ilə bağlı artan çağırışlar və iqtisadi-siyasi sınaqlar şəraitində ölkəmizdə həyata keçirilən inkişafyönümlü tədbirlər, xüsusilə kənd təsərrüfatı və qida sənayesinin yüksəlişi, daxili və xarici bazarda yeni imkanların və iqtisadi əməkdaşlıq əlaqələrinin daha da genişlənməsi üçün münbit şərait yaratmaqdadır. Vurğulanıb ki, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı” çərçivəsində “Qida təhlükəsizliyi haqqında” Qanun qəbul olunub, qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahədə 36 normativ sənəd tərtib olunub, “Bitki sağlamlığı haqqında” və “Heyvan sağlamlığı haqqında” yeni qanun layihələri hazırlanaraq müzakirəyə təqdim olunub. Bundan başqa peşəkar kadr hazırlığı məsələsi də xüsusi diqqətdə saxlanılır. Qida Təhlükəsizliyi Agentliyi universitetlər və tədqiqat institutları ilə mütəmadi olaraq əməkdaşlıq həyata keçirməkdədir. Tələbələrin praktiki təcrübə proqramlarında iştirakı, birgə layihələrinin həyata keçirilməsi, qida təhlükəsizliyi üzrə tətbiqi elmi-tədqiqatların təşviqi, beynəlxalq ekspertlərin bilik və tövsiyələrinin təhsil prosesinə inteqrasiyası istiqamətində mühüm işlər görülür. 

2026–2032-ci illər üçün əhatə edən yeni Dövlət Proqramının hazırlanması istiqamətində də işlər aparılır. Proqram çərçivəsində xüsusilə elm, təhsil və kadr potensialının gücləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi prioritet kimi müəyyənləşdiriləcək. Bildirilib ki, ölkəmizdə Şərqi Zəngəzur, Qarabağ iqtisadi rayonlarında və Naxçıvan Muxtar Respublikasının ərazisində peyvəndləmə aparılmaqla dabaq xəstəliyindən azad zonanın yaradılması üçün prosedurların icrasına başlanılıb. Bu regionlarda azad zona statusu tanındıqdan sonra heyvan mənşəli məhsulların ixracında, habelə ölkəmizin ərazisindən keçməklə tranzit daşınmasında mövcud olan bir sıra maneələr aradan qalxacaq.

Qeyd edək ki, 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda müxtəlif ölkələrdən yüksəksəviyyəli rəsmilər, dünyanın aparıcı yerli və beynəlxalq şirkətlərinin və maliyyə institutlarının, beyin mərkəzlərinin təmsilçiləri, biznes nümayəndələri və qlobal investorlar, yerli və xarici media təmsilçisi daxil olmaqla ümumilikdə 1000-ə yaxın iştirakçı yer alıb.