Payız mövsümündə bitkiçilik məhsullarının ixracına hazırlıq çərçivəsində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Göyçay rayonunda nar və xurma ixracatçıları ilə görüş keçirilib.

Foodinfo.az xəbər verir ki, görüş zamanı ixrac əməliyyatlarının düzgün təşkili, proseslərin səmərəliliyinin artırılması və idxalçı ölkələrin fitosanitar və texniki tələblərinə, xüsusilə də Beynəlxalq Bitki Mühafizəsi Təşkilatının (IPPC) müəyyən etdiyi beynəlxalq standartlara uyğunluğun təmin olunması məsələləri iştirakçıların diqqətinə çatdırılıb. Xüsusilə bitkiçilik məhsullarının düzgün etiketlənməsi, qablaşdırılması, taxta materiallardan istifadə edilərkən zərərli orqanizmlərlə sirayətlənmənin qarşısının alınması, eləcə də məhsulun təhlükəsizlik və keyfiyyət göstəricilərinin ixrac üçün uyğun vəziyyətdə saxlanılması ilə bağlı ətraflı məlumat və tövsiyələr təqdim olunub.

Tədbir çərçivəsində Agentlik əməkdaşları tərəfindən nar bağlarına, onların çeşidlənməsi sahələrinə, eləcə də məhsulun saxlanması üçün nəzərdə tutulan soyuducu kameralara baxış keçirilib. Baxış zamanı bitkilərin xəstəlik və zərərvericilərdən qorunması üçün zəruri aqrotexniki qulluq tədbirləri, məhsulun keyfiyyətinin qorunması məqsədilə müvafiq qablaşdırma və saxlanma qaydaları barədə sahibkarlara praktiki tövsiyələr verilib. Eyni zamanda ixraca hazırlanan məhsulların təhlükəsizlik göstəricilərinin laboratoriya sınaqları ilə yoxlanılması məqsədilə bitkiçilik məhsullarından nümunələr götürülüb və müvafiq qaydada sınaqlara yönləndirilib.

Görüşün əsas məqsədi ixrac proseslərinin beynəlxalq norma və tələblərə uyğun şəkildə təşkili, eləcə də bitki sağlamlığı sahəsində risklərin minimuma endirilməsi istiqamətində sahibkarlarla birgə əməkdaşlığın gücləndirilməsi olub.