
Ölkəmizin Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları ərazisində (Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının əraziləri tam, Füzuli, Xocavənd və Laçın rayonlarının əraziləri qismən əhatə edilməklə) heyvan xəstəliklərindən azad zonaların yaradılması, iri və xırdabuynuzlu heyvanların identikləşdirilməsinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir. Bu istiqamətdə qarşıda duran vəzifələr, heyvandarlıq təsərrüfatı sahibləri tərəfindən görüləcək işlər, həmçinin proseslərin daha da sürətləndirilməsi ilə bağlı bu gün Laçın Rayon İcra Hakimiyyətinin inzibati binasında regional müşavirə keçirilib.
Bu barədə Foodinfo.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Tədbirdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA), Kənd Təsərrüfatı Nazirliyinin (KTN), Laçın Rayon İcra Hakimiyyətinin, KTN yanında Aqrar Xidmətlər Agentliyinin, Dövlət Aqrar İnkişaf Mərkəzinin və yerli icra orqanlarının nümayəndələri və müvafiq sahədə fəaliyyət göstərən sahibkarlar iştirak edib.
Müşavirədə bildirilib ki, 2024-cü ildə ölkəmiz Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (ÜHST) tərəfindən bir sıra heyvan xəstəliyindən azad ölkə kimi tanınıb, eyni zamanda, əvvəlki illərdə əldə edilmiş bəzi heyvan xəstəliyindən azad ölkə statusları qorunub saxlanılır. Ancaq əldə olunmuş uğurlarla yanaşı, bu sahədə fəaliyyətlərin daha da genişləndirilməsi qarşıya hədəf kimi qoyulub. Qeyd olunub ki, heyvan xəstəlikləri ilə effektiv mübarizənin aparılması və azad statusların alınması heyvan mənşəli məhsulların təhlükəsizliyi ilə paralel bu məhsulların ixracı və tranzit daşınmasına əhəmiyyətli dərəcədə müsbət töhfə verəcək.
Müşavirədə heyvanların identifikasiya olunmasının əhəmiyyəti barədə görüş iştirakçılarına zəruri məlumatlar əks olunan təqdimatlar nümayiş olunub. Eyni zamanda bildirilib ki, heyvanların identikləşdirilməsi Agentlik tərəfindən AQTİS vasitəsilə həyata keçirilir. Bu sistem vasitəsilə heyvanın sahibi, heyvandarlıq təsərrüfatları, habelə hər bir heyvana dair məlumatların formalaşdırılaraq idarə edilməsi mümkündür.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb və heyvanların identifikasiyası, zoonoz xəstəliklərə qarşı mübarizə üsulları ilə bağlı maarifləndirici materiallar paylanılıb.

