
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən Lənkəran Regional Sınaq Laboratoriyası beynəlxalq səriştəlilik sınaqlarında növbəti uğurlu nəticələr əldə edib. İngiltərənin nüfuzlu “LGC” şirkəti tərəfindən təşkil edilən sınaqlarda laboratoriya quru süd nümunəsində Salmonella bakteriyasının təyini üzrə yüksək göstəricilərə nail olub.
Bu barədə Foodinfo.az-a AQTİ-dən məlumat verilib.
Fəaliyyətində qida məhsullarının keyfiyyət və təhlükəsizliyinin qiymətləndirilməsinə, bitkiçilik məhsullarında zərərli orqanizmlərin aşkarlanmasına, molekulyar-bioloji və virusoloji müayinələrin aparılmasına, eləcə də heyvan sağlamlığı üzrə infeksion xəstəliklərin diaqnostikasına xüsusi önəm verən laboratoriya müasir cihaz və avadanlıqlarla təchiz olunub. Burada çalışan mütəxəssislər peşəkar bilik və bacarıqlarını artırmaq üçün mütəmadi olaraq yerli və beynəlxalq təlimlərdə iştirak edirlər.
Lənkəran Regional Sınaq Laboratoriyası beynəlxalq və laboratoriyalararası qarşılaşdırma sınaqlarda da daim yüksək nəticələr göstərir. Laboratoriya Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən AZS ISO/IEC 17025:2020 standartı üzrə akkreditasiya olunaraq öz fəaliyyətini beynəlxalq tələblərə uyğun şəkildə davam etdirir.