
Qan şəkərinin kəskin şəkildə qalxması xüsusən diabet xəstələri üçün ciddi risk yaradır. Lakin sağlam insanlarda da bu vəziyyət yorğunluq, başgicəllənmə və tez aclıq hissi ilə nəticələnə bilər.
Bəzi qidalar tərkibindəki yüksək şəkər və sürətli həzm olunan karbohidratlara görə qlükoza səviyyəsini çox qısa zamanda artırır.
Foodinfo.az qan şəkərini sürətlə artıran qidaları təqdim edir:
1. Ağ çörək və un məmulatları
Ağ undan hazırlanan çörək, bulka və şirniyyatlar lifsiz olduqları üçün sürətlə parçalanır və qan şəkərini qaldırır.
2. Şirin içkilər
Qazlı içkilər, enerji içkiləri və hazır meyvə şirələri yüksək miqdarda şəkər ehtiva edir. Bu səbəbdən qanda qlükozanın sürətli yüksəlişinə səbəb olur.
3. Şirniyyatlar və desertlər
Tort, peçenye, konfet və dondurma kimi məhsullar yüksək şəkər və yağ tərkibli olduğu üçün həm qan şəkərini artırır, həm də artıq çəkiyə səbəb olur.
4. Ağ düyü və kartof
Rafinə olunmuş düyü və çox bişmiş kartof qanda şəkərin tez yüksəlməsinə təsir edir. Kartof qızardıldıqda bu təsir daha da güclənir.
5. Hazır yeməklər (fast-food)
Pizza, burger və kartof qızartması kimi məhsullar həm yüksək karbohidrat, həm də zərərli yağlarla zəngindir. Bu isə qan şəkərinin oynaq vəziyyətə gəlməsinə səbəb olur.
6. Qatqılı səhər yeməkləri
Bir çox paketlənmiş qarğıdalı lopaları və şirin yulaf qarışıqları sağlam görünsə də, içində gizli şəkər çox olur və qanda qlükozanı sürətlə artırır.
Qan şəkərini sabit saxlamaq üçün liflə zəngin tam taxıllar, tərəvəzlər, az şəkərli meyvələr və zülallı qidalar seçilməlidir. Şəkəri sürətlə qaldıran məhsullar isə nadir hallarda və az miqdarda istehlak edilməlidir.