
Bədəndə artıq maye toplanması, yəni ödem bir çox insanın rastlaşdığı narahatlıq doğuran vəziyyətdir. Bu hal adətən duzun çox qəbulu, hormonal dəyişikliklər, hərəkətsizlik və ya bəzi xəstəliklər nəticəsində yaranır.
Həkim nəzarəti ilə yanaşı, bəzi təbii bitki çayları da ödemin azalmasına kömək edə bilər.
Foodinfo.az xəbər verir ki, diuretik (sidikqovucu) təsirə malik çaylar bədəndə su-duz balansını tənzimləyərək şişkinliyin azalmasına və orqanizmin yüngülləşməsinə şərait yaradır.
Ödemi azaldan ən təsirli çaylar:
1. Yaşıl çay
Antioksidantlarla zəngin olan yaşıl çay metabolizmanı sürətləndirir, artıq mayeni bədəndən atır və həm də yağ yandırıcı təsir göstərir. Gündə 1–2 fincan içilməsi tövsiyə olunur.
2. Zəncəfil çayı
Zəncəfil qan dövranını artırır, iltihabı azaldır və toksinlərin atılmasını sürətləndirir. Əlavə olaraq, mədə fəaliyyətini də tənzimləyir.
3. Cəfəri çayı
Cəfərinin təbii diuretik təsiri sayəsində bədəndə yığılan suyu çıxarmaqda çox təsirlidir. 1 stəkan isti suya 1 çay qaşığı quru cəfəri əlavə edib 10 dəqiqə dəmləmək kifayətdir.
4. Zırınqotu (qırxbuğum) çayı
Bu bitki sidikqovucu və iltihabəleyhinə xüsusiyyətləri ilə tanınır. Böyrəklərin daha yaxşı işləməsinə kömək edir və ödemin azalmasına şərait yaradır.
5. Zəfəran və limonlu çay
Zəfəran qan damarlarını genişləndirir, limon isə C vitamini sayəsində toksinlərin atılmasını sürətləndirir. Bu ikili orqanizmin təmizlənməsi üçün ideal təbii vasitədir.
6. İtburnu çayı
Tərkibindəki C vitamini və antioksidantlar sayəsində ödemi azaldır, həm də immuniteti gücləndirir. Soyuqdəymə mövsümündə də faydalıdır.
Bitki çaylarının təsiri fərdi ola bilər, hər gün çox miqdarda qəbul etmək düzgün deyil. Hamilə qadınlar, böyrək və ürək xəstəliyi olanlar bu çayları içməzdən əvvəl həkimlə məsləhətləşməlidirlər.
Duz istehlakını azaltmaq və gündə kifayət qədər su içmək də ödemin qarşısını almaqda vacibdir.