Bir çoxumuzun adi hesab etdiyi gündəlik vərdişlər orqanizmdə qocalma prosesini sürətləndirə bilər. Foodinfo.az xəbər verir ki, qidalanmadan tutmuş qulaqlıqlardan istifadəyə qədər bəzi davranışlar dərinin, ürəyin və beynin yaşlanmasını tezləşdirir. Bu barədə “RBC-Ukraina” “Health” saytına istinadla məlumat yayıb.

1. İstirahətsiz işləmək

Mütəxəssislərin fikrincə, fasiləsiz iş simpatik sinir sistemini aktivləşdirir, bu isə yorğunluq, stress və immun zəifliyə səbəb olur. Gündə cəmi 15 dəqiqəlik fasilə belə bədənin bərpasına kömək edir. Uzunmüddətli stress hormonu — kortizolun artması ürək xəstəlikləri və yuxu pozğunluqları ilə nəticələnə bilər.

2. Yuxusuzluq və susuzluq

Xroniki yuxusuzluq dərinin, beynin və daxili orqanların qocalmasını sürətləndirir. Eyni zamanda, az su içmək də orqanizmin detoks və bərpa proseslərini zəiflədir. Həkimlər günə limonlu su ilə başlamağı və gün ərzində su qəbulunu bərabər bölməyi tövsiyə edirlər.

3. Qulaqlıqlardan tez-tez istifadə

Uzunmüddətli qulaqlıq istifadəsi eşitmə sistemini yükləyir, beyni istirahət rejiminə keçməyə qoymur. Bundan başqa, bu vərdiş boyun əzələlərinə təzyiq yaradır, beyin qan dövranını zəiflədir və düşünmə qabiliyyətini azalda bilər. Gecələr qulaqlıqlarla yatmaq yuxu ritmini pozur və qocalmanı sürətləndirir.

4. İdmanın olmaması

Əzələlər yaşlanmanın ən vacib göstəricisidir. Güc məşqlərindən uzaq qalmaq maddələr mübadiləsini zəiflədir, yağ yığımını artırır və insulinə həssaslığı azaldır. Gündə 10 dəqiqəlik fiziki aktivlik belə beyin və ürək sağlamlığını qoruyur.

5. Xroniki stress

Davamlı stress hüceyrə səviyyəsində qocalmanı sürətləndirir, immun sistemi zəiflədir və ürək-damar xəstəliklərinin riskini artırır. Mütəxəssislər gündə 5-10 dəqiqəlik meditasiya və nəfəs məşqlərini tövsiyə edirlər.

6. Ağız gigiyenasına etinasızlıq

Gecə dişləri təmizləməmək təkcə diş əti və diş problemləri deyil, həm də ürək-damar xəstəlikləri riskini artırır. Ağız bakteriyaları qan dövranına keçərək orqanizmdə iltihaba səbəb ola bilər.

7. Makiyajla yatmaq

Kosmetika ilə yatmaq dərinin gecəlik bərpa prosesini pozur. Nəticədə dəridə sızanaq, qızartı və erkən qocalma əlamətləri yaranır. Dermatoloqlar təbii yağlardan (məsələn, jojoba) istifadəni məsləhət görürlər.

8. Beyin fəaliyyətsizliyi

Yeni bilik və bacarıqlar öyrənməmək beynin neyron əlaqələrini zəiflədir. Bu isə yaddaş və diqqətin pisləşməsi ilə nəticələnir. Oxumaq, tapmaca həll etmək və yeni hobbilərlə məşğul olmaq beyni “gənc” saxlayır.

9. Hərəkətsiz həyat tərzi

Uzun müddət oturaq vəziyyətdə qalmaq maddələr mübadiləsini zəiflədir, iltihabi prosesləri gücləndirir və beyinə qan axınını azaldır. Həkimlər hər 30 dəqiqədən bir qalxıb bir az gəzməyi, gündə ən azı 30 dəqiqə aktiv hərəkət etməyi məsləhət görürlər.

10. Sosial təcrid

İnsanlarla ünsiyyətdən uzaq qalmaq bədəni və beyni xroniki stress vəziyyətinə salır. Bu, yaddaşın, əhvalın və ümumi sağlamlığın pisləşməsinə səbəb ola bilər. Sosial əlaqələrin qorunması uzunömürlülüyün əsas şərtlərindən biridir.