Qısa müddətdə çəki itirmək və ideal bədən quruluşuna çatmaq istəyi bir çox insanı ekspress-pəhrizlərə yönəldir, lakin bu yanaşma sağlamlıq üçün ciddi risklər daşıya bilər.
Foodinfo.az xəbər verir ki, qastroenteroloq Səyyar Abdulxakov sürətli pəhrizlərin orqanizmə gizli və bəzən geri dönməz zərər vura biləcəyini bildirib. Onun sözlərinə görə, bu cür pəhrizlər bir çox qida qrupunun birdən-birə rasiondan çıxarılması ilə müşayiət olunur ki, bu da həzm sistemində pozuntular və ümumi orqanizm üçün stress yarada bilər.

“Ekspress arıqlama zamanı itirilən çəki əsasən su və əzələ kütləsinin itkisi hesabına baş verir, yağ toxuması isə olduğu kimi qalır”, – deyə həkim qeyd edib.

Abdulxakov vurğulayıb ki, sağlam şəkildə arıqlamaq üçün həftədə maksimum 0,5–1 kiloqram çəki itirmək kifayətdir. Əks halda, sürətli arıqlama çox zaman daha sürətli çəki artımı ilə nəticələnir və yo-yo effekti yaranır.

Mütəxəssis arıqlamaq istəyənlərə pəhrizi təkbaşına deyil, həkim və ya dietoloq müşahidəsi altında həyata keçirməyi tövsiyə edir.