Son araşdırmalar bananın rənginin onun qida dəyərinə birbaşa təsir etdiyini göstərir. Foodinfo.az xəbər verir ki, bananın yaşıl, sarı və ya qəhvəyi ləkəli olması onun tərkibindəki şəkər miqdarını, həzm prosesini və sağlamlığa təsirini dəyişdirir.
Yaşıl, tam yetişməmiş banan daha az şəkər ehtiva edir və glisemik indeksi aşağıdır. Tərkibindəki nişasta toxluq hissini artırır və bağırsaqlar üçün prebiotik təsir göstərir. Bu səbəbdən şəkər problemi olanlara və arıqlamaq istəyənlərə məsləhət görülür.
Tam yetişmiş sarı banan həm həzmə rahat təsir edir, həm də tərkibindəki təbii şəkər sayəsində sürətli enerji mənbəyi kimi çıxış edir. Sarı banan gündəlik istehlak üçün ən uyğun növ hesab edilir. Antioksidant səviyyəsi də yaşıl banana nisbətən daha yüksəkdir.
Çox yetişmiş, ləkəli bananın tərkibində antioksidant və immun sistemi dəstəkləyən maddələrin daha çox olduğu vurğulanır. Bu növ mədə üçün daha yumşaq təsir göstərir və xəstəlik dövrlərində daha çox tövsiyə edilir.
“Ən faydalı banan” anlayışı şəxsin sağlamlıq ehtiyaclarından asılı olaraq dəyişir. Lakin ümumi sağlamlıq və balans baxımından sarı banan daha üstün hesab olunur.






