İmmunitet sisteminin güclü qalması üçün qidalanma çox önəmlidir. Foodinfo.az Gazeta.ru-ya istinadən xəbər verir ki, Kolumbiya Universitetinin Vagelos Tibb və Cərrahlar Kollecinin alimləri müəyyən ediblər ki, dəmir çatışmazlığı ağciyərlərin qripə qarşı müdafiəsini zəiflədə bilər.

Dəmir həyati vacib mikronutrientdir, o, immun sisteminin normal işləməsi və qırmızı qan hüceyrələrinin əmələ gəlməsi üçün lazımdır. Alimlərin sözlərinə görə, dəmir çatışmazlığı dünyada ən geniş yayılan qidalanma problemlərindən biridir və tez-tez diqqətdən kənarda qalır, çünki yorğunluq və konsentrasiyanın azalması kimi simptomlar çox ümumi olur.

Tədqiqatda dəmir çatışmazlığı olan siçanlarda qrip infeksiyasına qarşı immun cavab öyrənilib. İlk yoluxmada T-hüceyrələr virusu tanıyıb onu məhdudlaşdıra bilsələr də, sağaldıqdan sonra yaddaş T-hüceyrələrinin fəaliyyəti, xüsusilə ağciyərlərdə, əhəmiyyətli dərəcədə zəifləyib. Bu hüceyrələr interferon-gamma və TNF-alfa kimi əsas siqnal molekullarını daha az ifraz ediblər və nəticədə bədən yenidən infeksiyaya qarşı daha zəif müdafiə göstərib.

Alimlər vurğulayırlar ki, normal dəmir səviyyəsini qorumaq yalnız anemiyanın qarşısını almaq üçün deyil, həm də tənəffüs yolu infeksiyalarına qarşı dayanıqlılığın təmin edilməsi üçün vacibdir. Çətin hallarda dəmir əlavələri faydalı ola bilər, alimlər isə daha yüksək bioloji mənimsənilməyə malik dəmir formalarını araşdırmağa davam edirlər.