Endokrinoloq və dietoloq, tibb üzrə fəlsəfə doktoru Oksana Mixalyova isti havada şirin qazlı içkilərin orqanizmi daha çox susuzlaşdırdığını diqqətə çatdırıb.

Foodinfo.az bildirir ki, «Gazeta.Ru» ilə söhbətində həkim qeyd edib ki, qazlı içkilərdə şəkərin miqdarı çox yüksəkdir, lakin ortofosfor turşusunun əlavə olunması səbəbindən onların şirinliyi o qədər də hiss edilmir. Bu isə insanların həmin içkilərə asılılıq yaratmasına gətirib çıxarır.

Mixalyova izah edib ki, şəkər osmotik maddədir, yəni suyu öz ətrafında cəmləyir və bədəndə suyun saxlanmasına təsir göstərir. Eyni zamanda şəkər qan dövranına sürətlə daxil olur və onun səviyyəsi normadan yuxarı qalxır.

Şəkərin yüksək konsentrasiyası orqanizmin onu xaric etmək üçün toxumalardakı su ehtiyatlarını istifadə etməsinə səbəb olur. Bu proses orqanizmi susuzlaşdırır.

Xüsusilə isti havada bədən artıq maye itirir, çünki tərləmə ilə bədəni soyutmağa çalışır. Bu halda şirin qazlı içkilərin istehlakı susuzluq riskini daha da artırır və sağlamlıq üçün təhlükə yaradır.

Həkim tövsiyə edir ki, yay aylarında daha çox təmiz su və təbii maye qəbuluna üstünlük verilsin, qazlı şirin içkilərdən istifadə məhdudlaşdırılsın.