
İsti havalarda düzgün qidalanma qaydalarına əməl edilməməsi ürək-damar xəstəliklərinin kəskinləşməsinə səbəb ola bilər. Foodinfo.az bildirir ki, bu barədə “Qidalanma və Biotexnologiyalar üzrə Federal Elmi Mərkəz”in baş həkimi, dietoloq Zaynudin Zaynudinov “İzvestiya”nın mətbuat konfransında açıqlama verib.
Mütəxəssisin sözlərinə görə, yay mövsümündə qida rejiminin pozulması yalnız həzmlə bağlı deyil, eyni zamanda qan təzyiqinin düşməsi, halsızlıq və hətta bayılma hallarına gətirib çıxara bilər. Orqanizmdə maye çatışmazlığı bu prosesləri daha da sürətləndirir.
Zaynudinov əlavə edib ki, isti havalarda qida infeksiyalarına yoluxma riski də artır. Saxlama və daşınma şərtlərinə düzgün riayət olunmadıqda, məhsullar zərərli bakteriyalarla çirklənə bilər.
Bundan başqa, o, insanların susuzluğu aradan qaldırmaq üçün tez-tez qazlı və şəkərli içkilərə üstünlük verdiyini bildirib. Lakin bu cür içkilər əksinə, susuzluğu artırır, orqanizmi daha da dehidratasiya edir və qan şəkərinin yüksəlməsi riskini artırır. Bu isə xüsusilə şəkərli diabet xəstələri üçün təhlükəlidir.
Mütəxəssis yay aylarında təmiz suya, yüngül və balanslı qidalanmaya üstünlük verilməsini, zərərli vərdişlərdən isə uzaq durulmasını tövsiyə edib.