Bitki əsaslı qidalanmaya maraq artsa da, yeni elmi nəticələr göstərir ki, heyvani zülaldan tam imtina hər zaman sağlamlıq üçün üstünlük yaratmır. Müxtəlif alternativ məhsulların populyarlaşmasına baxmayaraq, onların orqanizmə təsiri hələ də geniş şəkildə araşdırılmaqdadır. Foodinfo.az xarici mətbuata istinadla xəbər verir ki, alimlər bitki mənşəli ət əvəzedicilərinin sağlamlığa təsirini qiymətləndirmək üçün xüsusi tədqiqat aparıblar.
Araşdırma çərçivəsində şəkərli diabetə meyilli 82 iştirakçı iki qrupa bölünüb və səkkiz həftə ərzində onların qidalanma rejimi müşahidə olunub. Bir qrup müəyyən miqdarda heyvani mənşəli ət qəbul etdiyi halda, digər qrup bitki əsaslı alternativlərlə qidalanıb. Tədqiqat zamanı iştirakçıların qan təzyiqi, xolesterin səviyyəsi, qlükoza göstəriciləri və digər biokimyəvi markerlər mütəmadi olaraq ölçülüb və nəticələr müqayisəli şəkildə təhlil edilib.
Gözlənilənlərin əksinə olaraq, bitki mənşəli ət əvəzediciləri istifadə edən qrupda sağlamlıq göstəricilərində əhəmiyyətli üstünlük qeydə alınmayıb. Əksinə, heyvani zülal qəbul edən iştirakçılarda bəzi metabolik göstəricilərin daha stabil olduğu müşahidə edilib. Mütəxəssislər bunu bitki əsaslı alternativlərdə zülalın daha az, karbohidratların isə daha çox olması ilə izah edirlər. Nəticə etibarilə alimlər balanslı qidalanmanın vacibliyini vurğulayaraq, hər iki zülal mənbəyinin ölçülü şəkildə rasionda yer almasının daha məqsədəuyğun olduğunu bildirirlər.






