Son illərdə saç əkimi estetik prosedurlar arasında geniş yayılmasına baxmayaraq, mütəxəssislər bu əməliyyatın müəyyən risklər daşıdığını vurğulayırlar. Bir çox hallarda prosedur təhlükəsiz hesab edilsə də, onun cərrahi müdaxilə olması mümkün fəsadların tam istisna edilməsini qeyri-mümkün edir. Foodinfo.az “Çempionat” portalına istinadla xəbər verir ki, dermatoveneroloq Yekaterina Anpilogova saç əkimi zamanı yarana biləcək risklər barədə danışıb.
Onun sözlərinə görə, əməliyyatdan sonrakı ilk günlərdə ən çox rast gəlinən hallar alın və göz qapaqları nahiyəsində şişkinlik, donor zonada ağrı və müvəqqəti narahatlıqdır ki, bu əlamətlər adətən qısa müddətdə aradan qalxır. Bəzi hallarda isə donor sahədə follikulit elementləri müşahidə oluna bilər ki, bu da yerli müalicə ilə nəzarət altına alınır.
Daha gec dövrdə isə köçürülən saç köklərinin bir hissəsinin tam tutmaması, saçların qeyri-təbii bucaq altında çıxması, eləcə də tük batması və kiçik kistlərin yaranması mümkündür. Həkim bildirir ki, xüsusilə siqaret çəkənlərdə, damar problemləri və ya şəkərli diabeti olan şəxslərdə bu risklər daha yüksək olur.
Ekspert əlavə edir ki, nadir hallarda daha ciddi fəsadlar – dərinin nekrozu və ya keloid tipli çapıqlar yarana bilər. Bu səbəbdən əməliyyatdan əvvəl ümumi sağlamlıq vəziyyətinin qiymətləndirilməsi, xroniki xəstəliklərin nəzarət altına alınması və ən azı bir ay əvvəl və sonra siqaretdən imtina edilməsi tövsiyə olunur. Mütəxəssislər qeyd edir ki, düzgün hazırlıq və peşəkar yanaşma riskləri minimuma endirsə də, onları tam aradan qaldırmaq mümkün deyil.






