
Sumaq Qafqaz, Yaxın Şərq və Aralıq dənizi mətbəxlərində geniş istifadə olunan turşməzə ədviyyatdır. Salatlara, ət və balıq yeməklərinə xüsusi dad verən sumağın həm dad, həm də sağlamlıq baxımından faydaları məlumdur. Bəzən sumaqla bağlı “kökəldirmi?” sualı gündəmə gəlir.
Foodinfo.az xəbər verir ki, sumaq aşağı kalorili bir ədviyyatdır. 1 çay qaşığı (təxminən 2-3 qram) sumağın tərkibində 2-4 kalori, əhəmiyyətli miqdarda antioksidantlar, C vitamini, polifenollar və antiinflamatuar maddələr var.
Əlavə olaraq, sumaqda şəkər və yağ demək olar ki, yoxdur. Bu da onu pəhrizlərdə rahat istifadə olunan ədviyyatlardan birinə çevirir.
Sumaq özü-özlüyündə kökəlməyə səbəb olmur. Əksinə, bəzi xüsusiyyətləri ilə bədən çəkisini nəzarətdə saxlamağa yardımçı olur.
Həmçinin sumaq istiot və sarıkök kimi ədviyyatlardan fərqli olaraq iştahı kəskin artırmır. Bu səbəbdən artıq yeməyə təhrik etmir.
Araşdırmalara görə sumaq qlükoza tənzimləyici təsirə malikdir. Bu xüsusiyyət piylənmənin qarşısının alınmasında dolayısı ilə faydalı ola bilər.
Tərkibində olan antioksidantlar və antiinflamatuar maddələr metabolizmi aktiv saxlamağa kömək edir, bu da çəkinin balansda qalmasını dəstəkləyir.
Əgər sumaq duzla qarışıq halda istifadə olunursa, duz miqdarına diqqət etmək vacibdir. Həddindən artıq duz bədəndə su saxlanmasına səbəb olub şişkinlik yarada bilər.