Qış aylarında orqanizmi isitməyin ən asan və faydalı yollarından biri isti içkilərdir. Foodinfo.az Sports.kz saytına istinadla xəbər verir ki, endokrinoloq Marqarita Belousova soyuq havada bədəni isidən ən təsirli içkiləri sadalayıb və onların düzgün istifadəsi barədə vacib məsləhətlər verib.
Mütəxəssis bildirib ki, qara və yaşıl çay, eləcə də qəhvə və kakao ən yaxşı isidici içkilər sayılır. Çay və qəhvədəki kofein orqanizmdə istilik istehsalını artırır, lakin bu maddədən sui-istifadə etmək olmaz. Onun sözlərinə görə, böyüklər üçün kofeinin gündəlik norması təxminən 400 milliqramdır, bu da orta hesabla dörd fincan qəhvə və ya çaya bərabərdir.
Belousova xəbərdarlıq edib ki, ürək-damar xəstəliyi və yuxusuzluqdan əziyyət çəkən insanlar kofeinli içkiləri az içməli, xüsusilə də çox bərk dəmlənmiş çay və qəhvədən uzaq durmalıdırlar.
Həkim əlavə edib ki, şirin içkilər – məsələn, kakao və spirtsiz qlindveyn – də bədəni yaxşı isidir. Bunun səbəbi onların tərkibindəki flavanollar və ədviyyatlardır. Lakin bu içkilərdə şəkər çox olduğu üçün onları hər gün içmək məsləhət görülmür.
Belousova həmçinin zəncəfili kompot və ya digər içkilərə əlavə etməyi məsləhət görüb. Onun sözlərinə görə, zəncəfilin tərkibindəki gingerol və şogaol maddələri orqanizmdə təbii istilik yaradır. Ancaq mədə yarası, qastrit, qanaxmaya meyillilik olan şəxslər, həmçinin hamilə və süd verən qadınlar bu içkini həkimlə məsləhətləşmədən qəbul etməməlidirlər.
Mütəxəssis həmçinin xəbərdarlıq edib ki, bədəni isitməyə çalışarkən çox isti, qaynar içkilər içmək təhlükəlidir, çünki bu, qida borusuna zərər verə və şiş riskini artıra bilər. Ən ideal içki temperaturu 60 dərəcədən aşağı olmalıdır.
Belousovanın sözlərinə görə, düzgün seçilmiş və ölçülü miqdarda qəbul edilən isti içkilər həm bədəni isidir, həm də immun sistemini möhkəmləndirir.






